Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksi

Üzlük suvaq gipsi

  • Üzlük  suvaq gipsi

Təbii gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, incə son qat üzlük suvaq məhsuludur. Məhsul AZS 046-2000 standartına da cavab verir.

  • Daxili məkanlarda astar suvaq gipsi ilə suvanmış divar səthlərində son qat üzlük matrerialı kimi istifadə olunur.
  • Ekoloji cəhətdən sağlam qəbul olunmuş təbii gips daşından hazırlanır;
  • Divarlar nəfəs aldığı üçün münbit otaq şəraiti yaranır;
  • Qarışımının hazırlanması asan və sadədir;
  • Tətbiqi rahatdır və ustanı yormur;
  • Yüksək yapışma xüsusiyyətinə sahibdir;
  • Elastik və sağlamdır, çatlama riski yoxdur;
  • Tozlanmır;
  • istilik və səs izolyasiya xüsusiyyətinə malikdir.

Səthin hazırlanması. Üzlük suvaq gipsi istifadə olunacaq səthin təmiz, sağlam və düzgün olması şərtdir. Üzlük suvaq gipsinin istifadəsinə başlamazdan əvvəl divarın səthində yapışmaya mənfi təsir göstərə biləcək toz və çirk varsa mütləq təmizlənməlidir. Toz qalıqları təmizləndikdən sonra divarı seyrəldilmiş binder yapışqanı ilə nəmləndirmək olar. Lakin nəmləndirilən divarların öz səthindəki mayeni tamamilə sorması gözlənilməli və daha sonra suvaq işinə başlanılmalıdır.

Qarışımın hazırlanması. 10 kq-lıq quru astar suvaq gipsi 6,5-7,0 litr suya səpilir və gipsin suya tam qarışması üçün 3-4 dəqiqə gözlənilir. Daha sonra əl aləti və ya avtomatik qarışdırıcıdan istifadə olunaraq içərisindəki topa halda qalan hissələr tam qarışana qədər 1-2 dəqiqə ərzində palçıq qarışdırılır. İstifadə olunan avtomatik qarışdırıcı aşağı dövrdə işlədilməlidir. Sürətli qarışdırma donma vaxtını qısalda bilər. Palçıq hazır olduqdan sonra ona yenidən quru qarışıq və su əlavə etməyin. Əks halda palçıqda topa halda kütlələr əmələ gələ bilər. İstifadə olunan su təmiz və otaq temperaturunda olmalıdır.

Tətbiqi. Hazırlanan palçıq astar suvaq gipsi ilə suvanmış səthə tək qatda ən az 0,5 mm ən çox 2 mm qalınlığında tətbiq olunmalıdır. Üzlük suvaq gipsi çəkilən zaman mala izlərinin qalmamasına diqqət etmək lazımdır. Əgər üzlük suvaq gipsinin səthində izlər qalmışdırsa, suvağın qurumasını gözləmək lazımdır. Daha sonra bu izlər təraşlanır və incə aralıqlı sürtgü kağızları ilə səthin düzgünlüyü bərpa olunmalıdır. Üzlük suvaq gipsi tam quruduqdan sonra divarda bəzək tamamlama işləri aparıla bilər.

Tövsiyələr. Məhsulun istifadə olunacağı səthin və mühitin temperaturu minimum +5°C, maksimum +30°C olmalıdır. Əgər temperatur +5°C-dən aşağı və +30°C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. Yüksək hava cərəyanı olan mühitdə bu cərəyanın qarşısı alındıqdan sonra məhsul istifadə olunmalıdır. Üzlük suvaq gipsi təlimatına uyğun istifadə olunduqdan sonra quruması üçün gözlənilir. Tam quruduqdan sonra üzrəində boya, divar kağızı kimi bəzək işləri aparıla bilər. Əgər divar tam qurumadan bu işlərə davam olunarsa, sonradan qopma və tökülmə kimi hallar müşahidə oluna bilər. Qurutma işi otaq temperaturunda tədricən olmalıdır. Sürətli quruducu vasitələrdən istifadə olunmamalıdır. Palçıq hazırlanan qablar və avadanlıqlar təmiz olmalıdır. Palçığın hazırlanmasında istifadə olunan alət və avadanlıqlar hər istifadədən sonra mütləq su ilə yuyulub təmizlənməlidir. Bir öncəki qarışımın qalıntıları qalmamalıdır.

  • +5°C temperaturun altındaki səth və mühitdə istifadə olunması zamanı məhsulun sonradan qoparaq divardan tökülməsi müşahidə oluna bilər. Həmçinin yapışma zəyiflədiyi üçün divara çəkən zaman axmalar yaranar. Üzərinə tətbiq olunan bəzək materialları sonradan qoparaq tökülə bilər. Bunun qarşısını almaq üçün qapı və pəncərə yerləri bağlanmalı və ehtiyac olarsa otağa qızdırıcı vasitələr quraşdırılmalıdır.
  • Məhsulun +30°C temperaturun üzərindəki səth və mühitdə istifadə olunması zamanı çəkilən suvağın bərkimə müddəti qısalar. Nəticədə işləmə müddəti də azalar. Səthdə tozlanma və çatlar əmələ gələr. Üzərinə tətbiq olunan boya və bənzər materialların səthində də çatlar yaranar və sonradan qoparaq tökülə bilər. Bu kimi hallarla qarşılaşmamaq üçün uyğun səth və mühit temperaturu təmin olunmalıdır.
  • Məhsulun yüksək hava cərəyanı olan mühitdə istifadəsi zamanı tərkibindəki suyu sürətlə itirdiyi üçün vaxtından əvvəl bərkimə və quruma halları yaranar. Nəticədə divarda müqavimətsizlik, tozlanma və çatlamalar yaranar. Daha sonra üzərinə tətbiq olunan boya və bənzər materiallarda çatlama və tökülmələr müşahidə olunar. Bunun qarşısnı almaq üçün cərəyan axını mütləq kəsilməlidir.
  • Alət və avadanlıqların təmizliyinə diqqət yetirilməlidir. Təmiz olmayan alət və avadanlıqlar qarışığın bərkiməsini sürətləndirdiyi üçün işləmə müddətini qısaldır.
  • Çirkli və başqa qatqılar qatılmış sudan istifadə edilməməlidir. Bu zaman məhsulun istifadə müddəti azala bilər və ya həddindən çox uzana bilər.
  • Palçıq hazırlanan zaman üzlük suvaq gipsinin içərisinə başqa materiallar və ya başqa firma məhsullarından qarışdırmaq olmaz. İstehsal texnologiyası və qatqılar fərqli tərkibdə olduğu üçün ciddi fəsadlar törənə bilər.
  • Məhsulun tətbiq qaydalarına əməl olunmadığı təqdirdə sonradan divarda qopma, tökülmə, çatlama və tozlanma kimi halların müşahidə olunması qaçınılmazdır. Məhsulun istifadəsi mütləq təlimat əsasında aparılmalıdır.
  • Üzlük suvaq gipsinin istifadə imkanlarının yaxşılaşdırılması məqsədilə qatqılarla zənginləşdirildiyi üçün uzun müddət dəri ilə təmasından qaçınmaq lazımdır. Bunun üçün qoruyucu əlcəklərdən istifadə olunmalıdır. Məhsulun gözə təmas etməsi zamanı bol su ilə yumaq lazımdır.

Paketlənmiş kisələrin döşəməyə toxunmaması şərti ilə, qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 ədəd olmaqla quru anbarlarda 6 ay saxlanıla bilər.

Yuxarıdakı göstəricilər +23°C   ±2°C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.