Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksi

Məsaməli Beton

  • Məsaməli Beton

Qum, sement, əhəng və az miqdar alüminium tozu əsaslı yüksək keyfiyyətli hörgü blokudur. Məsaməli beton blokları isti və soyuğa qarşı izolyasiyasına, yüksək səsudma qabiliyyətinə, yanğına qarşı davamiyyətinə, çəkisinin yüngül olmasına və ölçülərinin düzgünlüyünə görə digər hörgü materiallarına nəzərən çox əlverişlidir. ГОСТ 31360-2007 standartına uyğundur. Ölçüləri: 10x25x60, 15x25x60, 20x25x60, 30x25x60, 40x25x60

Məsaməli beton məhsulları ilə hörülmüş divarlar ağac, kərpic və ya normal beton bloklardan hörülmüş divar ilə müqayisədə bir çox üstün cəhətlərə malikdir:

  • ekoloji baxımdan təmiz, insan orqanizminə ziyan verməyən materiallardan hazırlanır;
  • hörülməsi asandır, rahat işlədilir;
  • müxtəlif ölçüləri sayəsində həm daxili arakəsmə həm də xarici divar hörgüsü üçün əlverişlidir.
  • suvaq və dolğu materialları daha az işlədilir;
  • tərkibindəki məsamələr sayəsində yüksək səsudma qabiliyyətinə malikdir;
  • tərkibindəki məsamələr sayəsində bu bloklar istiliyi izolyasiya etmək qabiliyyətinə görə adi betondan 10 dəfə, keramik kərpicdən isə 6 dəfə üstündür;
  • izolyasiya qabiliyyətinə görə əlavə izolyasiya materiallarından istifadə etməyə ehtiyac qalmır;
  • tərkibinin məsaməli olması səbəbi ilə otaqdakı artıq nəmi çəkir və quru hava yaranan zaman tərkibində saxladığı nəmi havaya verərək münbit hava şəraiti əmələ gətirir;
  • yüngül olması səbəbi ilə tikililərin təməlinə və arkslara düşən yükü azaldır və zəlzələyə qarşı binanın dayanıqlılığını artırır;
  • yanğına qarşı yüksək davamlılığı sayəsində (1000 °C temperatura qədər müqavimət göstərə bilir) yanğının tez yayılmasının qarşısını alır, real yanğın vəziyyətində məsaməli beton 2-4 saat yanğına qarşı müqavimət göstərir.

Hörgü üçün hazırlıq. Hörgü üçün məsaməli beton yapışdırıcısı və ya yapışqanlığı yüksək vasitələrdən istifadə olunmalıdır. İlk hörgü qatında səthə çəkilən yapışdırıcı yerinə sement-qum qarışığı istifadə olunması tövsiyyə olunur, ancaq blokların bir birinə təmas edən üzlərində və sonrakı qatlarda yapıştırıcıdan istifadə olunmalıdır. Tətbiqə başlamadan əvvəl tətbiq olunacaq sahə diaqonallar daxil düzgün şəkildə ölçülməlidir. Tətbiq olunacaq səth inşaat artıqlarından təmizlənməlidir. Məsaməli beton hörgü yapışdırıcısı səthə sərilmədən əvvəl səth təmizlənməli və nəmləndirilməlidir. Yapışdırıcı hissə hissə və istehsalçının verdiyi qaydalarla hazırlanmalıdır. Hazırlanan yapışdırıcıya sonradan su, toz yapışdırıcı, sement və s. material əlavə edilməməlidir.

Hörgü tətbiqi. Məsaməli beton bloklar hündürlük 25 sm olacaq şəkildə, su ilə daimi təmasda olmayan, sonradan çökmə təhlükəsi olmayan sağlam və düzgün səth üzərində hörülməlidir. Hörgü zamanı ilk səthə çəkilən sement qarışığının qalınlığı 2-3 sm olmalı və məsaməli betonun qarışığa təmas edən səthi nəmləndirilməlidir. Yuxarı qatlarda yapışdırıcı çəkilən blok səthləri nəmləndirilmir. Blokların üfüqi və şaquli birləşmə yerlərinə 1,5-3 mm qalınlıqda dərzləri dolduracaq qədər yapışdırıcı çəkilir, dişli mala ilə iz salınır və rezin toxmaqla yüngülcə vuraraq blok yerinə oturdulur. Əgər mala diş izi qalmırsa deməli yapışdırıcı düzgün hazırlanmamışdır. Hər səthdə tez tez tarazdan istifadə edərək hörgünün düzlüyü təmin olunmalıdır. Bloklar bir birinin yarısına gələcək şəkildə yəni 30 sm aldatmacalı hörülməlidir. Aldatmaca 15 sm-dan az olmamalıdır. Hörülən divar ilə kalon və ya tavan arasında 1 sm boşluq saxlanılmalıdır və bu boşluq dolğu materialı ilə doldurulmalıdır.

Qeyd: Standartlara əsasən blokların qalınlıq ölçülərində ±3 mm, hündürlük və uzunluq ölçülərində +3 və -5 mm sapma dəyərinə icazə verilir.

Suvaq tətbiqi. Sement əsaslı suvaq. Məsaməli beton bloku ilə hörülmüş divarın suvağına başlamadan əvvəl divar tozdan, kirdən və yapışmaya əngəl olacaq bütün vasitələrdən təmizlənməlidir və su səpilərərk nəmləndirilməlidir. Ama divar su ilə doyurulmamalıdır. Suvaq hazırlanan zaman iri dənəli qumdan (0-3 mm) istifadə olunmalıdır və suvaq divara çırpma yolu ilə çəkilməlidir. İlk qat suvaqdan sonra 24 saat gözlənilir və sonrakı mərhələyə keçilir. Bərkiməmiş suvağı çox günəşə, yağışa, şaxtaya məruz qoymaq olmaz. Fərqli inşaat materiallarının birləşmə yerlərində (kalon-divar, tir-divar və s.) və ya titrəşim çox olan divarlarda suvaq təchizatı (suvaq setkası) istifadə olunmalıdır. Bir suvaq qatında ən çox 1,5 sm suvaq tətbiq olunur, son qat suvaq ən az iki təbəqədən ibarət olmalıdır və qalınlığı 2 sm-dan az olmamalıdır.

Suvaq tətbiqi. Gips əsaslı suvaq. Əvvəlcə divar tozdan, kirdən və yapışmaya əngəl olacaq bütün vasitələrdən təmizlənməlidir. Yuxarı temperaturlu (+30°C-dən yuxarı) və güçlü küləkli havalarda divar nəmləndirilməlidir. Astar suvaq gipsi istehsalçının təlimatlarına əsasən hazırlanmalıdır. Əvvəlcə çəkilən su və elektrik xəttlərinin boşluqları doldurulmalı, qurumasını gözləməli və suvaq işinə başlanmalıdır. Fərqli inşaat materiallarının birləşmə yerlərində (kalon-divar, tir-divar və s.) və ya titrəşim çox olan divarlarda suvaq təchizatı (suvaq setkası) istifadə olunmalıdır. İlk qat çəkilən suvağın qalınlığı ən az 5 mm olmalıdır. İlk qat suvaq tam priz almadan ikinci qat çəkilməlidir. İkinci qat çəkilən suvağın qalınlığı da ən az 5 mm olmalıdır və mala ilə daha düzgün bir səth alınmalıdır. Son qat incə üzlük suvağı 1-2 mm qalınlığında mala ilə hamar səth aldıqdan sonra qurumasını gözləməli və daha sonra bəzək-tamamlama (boya və s.) işlərinə başlanmalıdır.

  • Məsaməli beton hörgü blokları dolu beton bloklarından fərqli olaraq məsaməli quruluşda olduğu üçün yükləmə, daşıma və boşaltma zamanı çatlama və zədə almaması üçün maksimum ehtiyyatlı olmaq lazımdır,
  • Hörgü zamanı palçığın çox qalın istifadə olunması blokların arasındaki tikiş yerlərində iri məsafə qalmasına səbəb olacaqdır ki, bu da isti-soyuq havanın tənzimlənməsi və səs keçirmə qabiliyyətini azaldacaqdır,
  • Suvaq zamanı səthi mütləq yapışmaya mane olacaq qalıntılardan təmizləmək lazımdır, xüsusən də blokların istənilən ölçülərdə kəsilməsindən sonra yaranan toz qatının təmizlənməsi vacibdir(bunun üçün divarı durulaşdırılmış binder yapışqanı və ya sadəcə su ilə yumaq da olar). Əks halda suvaq materialının sonradan bloklardan ayrılma halları müşahidə oluna bilər,
  • Hörgü bitdikdən sonra divar xaricdən uyğun materiallar ilə izolyasiya olunmalıdır. Uzun müddət bir başa hava şəraitində açıq qalan bütün hörgü materiallarının istismar müddəti qısala bilər (bu materiallar içərisində silikat tərkibinə görə ən davamlı vasitə məsaməli beton bloklarıdır),
  • Hörgü və suvaq materiallrının hazırlanması mütləq istehsalçının təlimatlarına uyğun olmalıdır. Əks halda divarda çatlar və qopmalar müşahidə oluna bilər.

Yapışdırıcı qalınlığı ən çox 1,5 mm nəzərə alınmışdır (ən çox 3 mm istifadə edin).

Tikinti sahəsinə daşınma və bu sahədə stoklama zamanı maksimum ehtiyyat tələb olunur. Tikinti sahəsində məsaməli beton bloklarının stoklanacağı sahə düzgün səthə malik olmalıdır. Blokların tikinti sahəsinə daşınması zamanı sürəti 70 km/saat-ı keçməyən texnikalardan və blokların sahəyə endirilməsi zamanı forklift və ya xüsusi kran aparatlarından istifadə olunmalıdır. Taxta və ya dəmir paletlə stoklanan blokların üst üstə stoklanma zərurəti yaranarsa maksimum üst üstə 2 palet olmalıdır. Paletsiz stoklanan blokların yerdən yüksək vasitələr üzərində saxlanılması və hündürlüyü isə 1,5 metrdən artıq olmaması tövsiyyə olunur.