Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksi

Gipskarton lövhə 12.5mm

  • Gipskarton lövhə 12.5mm

Adi gipskarton lövhə (GK.L) düzbucaqlı formaya malik olmaqla arasında uyğun qatqısı olan gips xəmiri olan ikiqatlı xüsusi kartondan ibarətdir və üz qatın kartonu kənar boyunca arxa qatın üzərinə bükülür. Gipskarton lövhələr müxtəlif kənar haşiyələrlə istehsal olunur, düz kənar (DK), nazikləşdirilmiş kənar (NK), yarımdairəvi və üz tərəfdən nazikləşdirilmiş kənar (NYK). Gipskarton lövhə istənilən bəzək-tamamlama materialını (suvaq, divar kağızları, boya, keramik piltə lövhələr və s.) çəkmək üçün əla vasitədir. Özünün fiziki və gigiyenik xassələrinə görə gipskarton lövhələr yaşayış binaları üçün tamamilə uyğun gəlir. Hər bir məhsulun üzərində aşağıdakılardan ibarət şərti işarələr qeyd olunur.

  • Lövhənin növünün hərflə işarəsi
  • Lövhənin qrup göstəricisi
  • Lövhənin kənarının (haşiyənin) tipi
  • Lövhənin uzunluğu, eni və qalınlığını millimetrlə ifadə edən rəqəm
  • Standart sənədinin işarəsi

Uzunluğu 2500 mm, eni 1200 mm və qalınlığı 12,5 mm olan gipskarton lövhəyə misal:
GK.L – A – NK – 2500/1200/12,5 ГОСТ 6266-97

Quru və normal rütubətli bina və məkanlarda, məkan və otaqlararası yüngül arakəsmələrin, asma tavanların və divar üzlüklərinin qurulmasında, həmçinin, dekorativ və səsuducu məmulatların hazırlanmasında istifadə olunur. Tətbiq prosesinə aiddir:

  • Gipskarton lövhələr əsasında olan konstruksiyanın layihə vəziyyətinin nişanlanması
  • Gipskarton lövhələrin bərkidilməsi üçün profillərlə düzgün və möhkəm karkas sisteminin qurulması
  • Gipskarton lövhələrin bu karkas üzərində düzgün şəkildə bərkidilməsi
  • Bəzək-tamamlama örtüyündən əvvəl düzgün şəkildə tikişlərin hazırlanması və səthin astarlanması

Qeyd: Quraşdırılmadan əvvəl gipskarton lövhələr mütləq işlədiləcək sahənin havasına uyğunlaşdırılmalıdır. Quraşdırma, astarlanma və bəzək tamamlama işlərinin +5 °C-dən aşağı və +30 °C-dən yuxarı temperaturlarda aparılmaması tövsiyyə olunur.

Tətbiq qaydaları

Lazer tarazı və ya su tarazı ilə U profili bərkidiləcək məsafədən divar dəqiq ölçülərlə işarələnir və bu işarələnən xətt boyunca ən az 60 sm aralıqlarla divara 7mm ölçülü beton deşən drel ucluğu (sverlo) ilə yuva açılır. Bu yuvalara isə 8 mm ölçülü plastik şponka(probka) yerləşdirilir. U profili bu şponkalara 5 sm ölçülü şurublarla bağlanır.

Gipskarton lövhənin bir başa bərkidiləcəyi C profili sabit saxlayacaq olan əqrəblər otağın en istiqamətində ən az 70-80 sm aralıqlarla qabaqcadan 7 mm ölçülü beton deşən drel ucluğu (sverlo) ilə açılmış yuvalara yerləşdirilən 8 mm ölçülü plastik şponkalara(probka) 5 sm ölçülü şurub ilə bağlanır. Burada diqqət olunmalıdır əqrəbi şponkalara bağlayarkən şurubun altına şayba və ya əvəzedici bir vasitə atılmalıdır.

C profilləri mərkəzdən ölçülmək şərtilə 40-60 sm aralıqlarla qabaqcadan bərkidilmiş əqrəblərə ip tutularaq tarazlığı alındıqdan sonra tam yivli (rezbalı) əqrəb şurubu ilə bağlanır. C profilləri bir birinə bağlantı verilərkən biri digərinin ən az 20 sm ölçüdə içərisinə keçirilməlidir və kənarlarından şurub ilə bərkidilməlidir.

Gipskarton lövhələr C profilinə bir birinin yarısına gələcək formada bərkidilməlidir və C profilinə 20-25 sm aralıqla gips karton lövhə üçün nəzərdə tutulmuş 2,5 sm və ya 3,2 sm(tövsiyyə olunan) ölçülü şurub ilə şurublanmalıdır. Şurubların dərinə keçməsinin qarşısını almaq məqsədilə xüsusi GK.L şurubu drel ucluğundan istifadə olunmalıdır. Lövhələrin en kənarları düzbucaqlı formaya malikdir və tikiş yerlərinin qurulması zamanı kənarlar yonulmalıdır (hər iki lövhənin 1/3 hissəsi qalınlığında, təqribən 45 dərəcə) və bu hissə dolğu materialı ilə doldurulmalıdır. Lövhələrin birləşmə yerlərində çatların qarşısını almaq üçün hər iki lövhənin en kənarının oturacağı bölümə yəni iki C profilinin arasına eninə profil atılması, həmçinin bütün birləşmə yerlərinə dərz bantı çəkilməsi tövsiyyə olunur.. Bant dolğu materialı ilə yaxşıca yapıştırılmalıdır əks halda sonradan qabarma müşahidə oluna bilər. Lövhə üzərində suvaq işlərinə başlamadan şurub yerləri də dolğu materialı ilə lövhəyə bərabər olacaq şəkildə doldurulmalıdır. Səth düzgün və bərabər şəkildə astarlandıqdan sonra bəzək-tamamlama işləri aparıla bilər.