Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksi regionun mühim sənaye quruluşlarından biridir və Naxçıvan Muxtar Respubkikasında reallaşmış ən böyük investisiya layihəsidir. Kompleksin tərkibində 5 zavod fəaliyyət göstərir. Bunlar Naxçıvan Sement Zavodu, Gips Zavodu, Gipskarton Lövhə Zavodu, Məsaməli Beton Zavodu və Əhəng Zavodudur.
Kompleksdə ilkin olaraq 2009-cu ilin son aylarında Naxçıvan Sement Zavodunun inşasına başlanmış, 2012-ci ilin may ayında klinker və sement xətti istifadəyə verilmişdir. Müasir tələblərə uyğun olaraq inşa olunmuş zavodun istehsal gücü illik 300 min tondan artıqdır. Qurulduğu tarixdə zavodun istehsal gücü gündəlik 800 ton idisə, 2013-cü ildə yaradılan ara istehsal bölməsilə bu istehsal gücü gündəlik 1300 tona çatdırılmışdır. Hazırda “CEM I 52.5N” və “CEM I 42.5N A-LL” markalı portland sementlər qalaq və kisə şəklində istehsal olunur.
Kompleksdə yer alan digər 4 zavodun inşasına isə 2014-cü ilin avqust ayında başlanmış və 2015-ci ilin dekabrında isifadəyə verilmişdir. Gips Zavodunda əsasən 5 növ gips istehsal olunur ki, bunlar astar suvaq gipsi,üzlük suvaq gipsi, adi gips (kartonpiyer), adi gips (inşaat gipsi) və dərz dolğu (aralıq doldurma qarışığı) gipsidir. İstehsal olunan toz gips məhsullarının illik istehsal həcmi 30.000 ton – 990.000 kisə təşkil edir. Gipskarton Lövhə Zavodunun illik istehsal həcmi 720.000 ?²-dir. Hal-hazırda zavodda istehsal edilən normal və nəmədavamlı gipskarton lövhə növlərinin qalınlığı 9,5 və 12,5 mm-dir ki, həmin ölçülər də ölkə tələbatı və müştərilərin istəklərinə uyğun şəkildə hazırlanır. Məsaməli Beton Zavodunun gündəlik istehsal həcmi isə gündəlik 500 ?³, illik istehsal həcmi isə 150.000 ?³-dur. Digər zavod olan Əhəng Zavodda isə iki növ əhəng istehsal olunur: sönmüş və sönməmiş əhəng. İstehsal edilən əhəngin istehsal həcmi illik 36.000 ton təşkil edir. Əhəng istehsalında istifadə olunan əhəngin tərkibinin saflıq dərəcəsi 99% təşkil edir ki, bu da dünyada istifadə edilən ən saf və keyfiyyətli əhəng hesab edilir.
Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksi istehsal prosesini və daşımaları təmin edəcək geniş infrastruktur və uzunmüddətli xammal ehtiyatları ilə təmin edilmişdir. Əhəng daşı, mergel, gil, qabro, riolit və gips daşı kimi istifadə olunan xammal növləri muxtar respublikanın yataqlarından əldə olunur. Zavodda istehsal xəttinə daxil olan xammal, köməkçi xammallar, qatqı maddələri, istehsal olunan məhsulun fiziki və kimyəvi keyfiyyətinə nəzarət müasir tələblərə uyğun olaraq yaradılmış və hər cür avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda həyata keçirilir. İstehsal müasir quru üsulla aparılır. İstehsal proseslərinə nəzarət Alman texnologiyasına mənsub avtomatik idarəetmə sistemləri ilə aparılır.
Fəaliyyətə başladığı gündən müəssisənin ən böyük məqsədi minimum enerji istehlakı ilə maksimum məhsuldarlıq və keyfiyyətin əldə edilməsi olmuşdur. Bu layihə yerli tikinti sektorunun tələbatını tam şəkildə ödəməklə yanaşı, ixrac üçün də geniş imkanlar yaradır.